Yapon kağızı
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur.
Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır.
Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası).
== Tarixi ==
=== İxtira ===
Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.